preloader gif

Sığorta ödənişlərində gecikmə: Problemlər və həll yolları


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

icbari əmlak
17:39 23.09.2024

Avtomobil sığortası ilə bağlı ödənişlərin gecikməsi və çatışmazlıqlar bir çox səbəblərlə bağlıdır.

Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov Fins.az-a açıqlamasında bu prosesdə yaranan əsas problemləri izah edib və mümkün həll yollarını qeyd edib.

Onun sözlərinə görə, sığorta ödənişlərinin gecikməsində Dövlət Yol Polisi İdarəsindən rəsmi sənədlərin vaxtında çatdırılmaması mühüm faktordur:

“Dövlət Yol Polisi İdarəsindən rəsmi sənədlərin gec göndərilməsi, servis mərkəzindən məlumatların gecikməsi ödəniş prosesində əhəmiyyətli rol oynayır. Bu hallar sənədlərin gecikməsi səbəbindən zərərlərin vaxtında qiymətləndirilməsinə və nəticədə ödənişlərin ləngiməsinə səbəb olur”.

Ekspert qeyd edib ki, zərərlərin ödənilməsi prosesində servis mərkəzlərindən alınan məlumatların gecikməsi də əhəmiyyətli problemlər yaradır:

Bu gecikmələr zərərlərin qiymətləndirilməsinə və ödəniş prosesinin tamamlanmasına mane olur. Servis mərkəzlərindəki inzibati və texniki məsələlər, qiymətləndirmə prosesinin gecikməsinə səbəb ola bilər”.

E.Ağabağırov vurğulayıb ki, sığorta prosesində vətəndaşların lazımi sənədləri vaxtında təqdim etməməsi də ödənişlərin gecikməsinə səbəb olan amillərdən biridir:

“Vətəndaşların lazımi sənədləri sığorta şirkətinə vaxtında təqdim etməməsi bu hallarda əsas problemlərdən biri kimi çıxış edir. Vətəndaşlar sənədləri tam təqdim etdikdən sonra prosesin daha tez başa çatması mümkündür”.

Bəzi hallarda sığorta ödənişləri kredit kartları ilə bağlı məsələlər səbəbindən gecikdiyini deyən E.Ağabağırov qeyd edib ki, bəzi sığorta şirkətləri əməkdaşlıq etdikləri bankların kartlarını təqdim edir və bu da ödənişlərin vaxtında həyata keçirilməsinə mane ola bilir. Bu halda, bank və sığorta şirkəti arasında koordinasiyanın daha yaxşı qurulması vacibdir.

Zəncirvari qəzalar və sağlamlığa dəyən zərərin qiymətləndirilməsi də sığorta ödənişlərində gecikmələrə səbəb olduğunu da əlavə edən E.Ağabağırov bildirib ki, bu hallarda bir avtomobilin qiymətləndirilməsi başa çatdıqdan sonra digər avtomobil gözləmədə qalır və ya sənədlər təqdim olunmur:

“Bu, zəncirvari prosesin bütövlüyünü pozur və ödənişlərin gecikməsinə səbəb olur. Eyni zamanda, sağlamlığa dəyən zərərin qiymətləndirilməsi üçün həkim və ya müstəntiq rəyi tələb olunduğuna görə bu proses də vaxt apara bilər.

Sığorta ödənişlərinin gecikmələrinin və çatışmazlıqlarının qarşısını almaq üçün sənədləşmə prosesinin tam və vaxtında həyata keçirilməsi vacibdir. Ümumilikdə, bütün sənədlər təqdim edildikdən və prosedurlar tamamlandıqdan sonra, sığorta şirkətləri yeddi iş günü ərzində ödənişi həyata keçirməlidirlər. Bu qaydaya əməl edildikdə, avtomobil sığortası zərərlərinin ödənilməsi prosesi daha səmərəli və şəffaf şəkildə həyata keçirilə bilər”.

Fuad Mədətov
Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET