Feedback List
Xidmətimizdən razı qaldınızsa bizdən danışın!
Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!
Rate
+3
Confirmed
Meqa Sığorta
Hörmətli müştəri, Bəhs olunan şikayətlə bağlı nəzərinizə çatdırırıq ki, vətəndaş tərəfindən Cəmiyyətimizin ünvanına yönəldilmiş iddialar tam əsassızdır. Belə ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə PME 1807536772 saylı sığorta şəhadətnaməsinə əsasən Cəmiyyətimizdə sığortalanmış “Mercedes Benz E200” markalı 90 KC 564 dövlət qeydiyyat nişanlı avtomobilin arxa qapısının açılması nəticəsində 17.03.2018-ci il tarixdə Bakı şəhəri, X.Şuşinski küçəsində Əliyev Elşən Həbib oğlunun idarə etdiyi “Toyota Camry” markalı 90 UB 909 dövlət nömrə nişanlı avtomobilə zərər dəyməsinə səbəb olmuş hadisə tərəfimizdən tam təfsilatı ilə araşdırılmışdır. Sözügedən hadisə ilə bağlı həm sığortalı barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun hadisənin baş vermə səbəbini izah edən hissəsində, həm də sığortalı və zərərçəkmiş şəxsin hadisə ilə bağlı Bakı şəhər DYPİ-də verdiyi izahatlardan məlum olur ki, hadisənin baş verməsinə səbəb sığortalı “Mercedes Benz E200” markalı 90 KC 564 dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında əyləşən sərnişinin arxa sol qapını açaraq yolun hərəkət istiqamətindən düşməsi olmuşdur. “Yol hərəkəti haqqında” AR qanununun 41.1 maddəsinə əsasən nəqliyyat vasitəsinə yalnız xüsusi minik meydançasından, belə meydança olmadıqda isə, səkidən və ya yolun çiyini tərəfdən yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra minib-düşmək (sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın.) sərnişinin vəzifəsidir. Həmin qanunun 52-ci maddəsinin VIII hissəsinə əsasən “Nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır”. “Yol hərəkəti haqqında” AR qanununun yuxarıda sadalanan müddəalarının tələblərinə əməl etməyən və nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarını pozan sərnişinlər İXM-nin 338.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilirlər. Yuxarıda qeyd olunanlardan da aydın olduğu kimi, bəhs edilən hadisə sığortalı avtomobilin sürücüsünün təqsiri nəticəsində deyil, həmin avtomobildə əyləşən sərnişinin İXM- nin 338.3-cü maddəsinin tələblərini pozması səbəbi ilə baş vermişdir. Sığortalı avtomobilin sürücüsünün İXM-nin 346.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi ilə sığortalı avtomobildə əyləşən sərnişinin “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 41.1, 52.VIII və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.1-ci maddələrinin tələblərinə riayət etməyərək nəqliyyat-vasitələrinə minib- düşmə qaydalarını pozması arasında səbəbli əlaqənin mövcud olması isə mümkün deyil. Hüququn inkar nəzəriyyəsindən də çıxış etsək, sürücü hər bir halda dayanma-durma qaydalarını pozsa belə, əgər sərnişin tərəfindən nəqliyyat vasitəsinə minib-düşmə qaydalarına əməl edilsəydi, sözügedən yol-nəqliyyat hadisəsi baş verməzdi. Çünki yetkinlik yaşına çatmış, tam fəaliyyət qabiliyyətli hər bir şəxs qanun pozuntusu törətdikdə fərdi qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən isə qanunu bilməmək və ya düzgün başa düşməmək məsuliyyətdən azad etmir. Əks təqdirdə hüququn ədalətlilik prinsipi pozulmuş olardı. Digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş vermə səbəbindən və sürücünün həmin hadisənin törədilməsində təqsirinin olub-olmamasından asılı olmayaraq sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilən bütün hallarda sürücünün təqsirli bilinməsi və baş verən hadisənin sığorta hadisəsi hesab edilməsi barədə qanunvericilikdə heç bir müddəa yoxdur. Çünki inzibati məsuliyyətə cəlb edilmə mülki-hüquqi məsuliyyət daşımanın ilkin və məcburi şərti kimi çıxış etmir. Əks halda, preyudisiallıqdan söhbət gedə bilər ki, bu hal da qanunvericilikdə birbaşa öz əksini tapmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddələrinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Mülki hüquq məsuliyyətini isə delikt törətmiş şəxs daşıyır. AR MM-nin 1108.1-ci maddəsinə əsasən isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Yuxarıdakı müddəalardan da aydın olur ki, zərər mülki hüquq pozuntusunu törətmiş şəxs tərəfindən ödənməlidir. Bütün bunlardan əlavə, “İcbari Sığortalar” haqqında AR qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin qanunun 52.2-ci maddəsinə əsasən isə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilir. “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası qanununun 1.29-cu maddəsinə əsasən nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Həmin qanunun 1.31-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin durması — əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa (“Yol hərəkəti haqqında “ AR qanununun 1.29-cu maddəsinə əsasən adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşdığı hal dayanma hesab edilir), nəqliyyat vasitəsi durmuş hesab edilir. Yuxarıda sadalanan müddəalardan da göründüyü kimi, nəqliyyat vasitəsinin dayanma-durma vəziyyətində olması onun hərəkətsizliyi anlayışına daxildir. Yəni, Cəmiyyətimizdə sığortalanmış “Mercedes Benz E200” markalı 90 KC 564 dövlət qeydiyyat nişanlı avtomobilin dayanmış vəziyyətdə qapısının açılması avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı istismarı hesab olunmadığından zərər avtomobilin istifadəsi nəticəsində vurulmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, baş vermiş hadisə PME 1807536772 saylı sığorta şəhadətnaməsinə əsasən sığorta hadisəsi hesab olunmamalıdır. AR MM-nin 935.1.8- ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə əsasən sığorta hadisəsi hesab olunmaması sığorta ödənişindən imtinanın əsası kimi çıxış edir. Nəticədə, baş vermiş hadisənin bütün təfərrüatları əsasında və qanunvericiliyin tələblərini rəhbər tutaraq Cəmiyyətimiz tərəfindən Əliyev Elşən Həbib oğlunun 19.03.2018-ci il tarixli sığorta ödənişi üzrə tələbinə 27.03.2018-ci il tarixli, 95-03/18 İDT nömrəli məktubla imtina verilmişdir. (Zərərçəkənə baş vermiş hadisə nəticəsində sığorta ödənişindən imtinanın əsasları 27.03.2018-ci il tarixli, 95-03/18 İDT saylı məktubda ətraflı izah edilmişdir.) 27.03.2018-ci il tarixli, 95-03/18 İDT nömrəli imtina məktubuna etiraz olaraq sığortalı Əliyev Elmar Hüseyn oğlu tərəfindən Cəmiyyətimizə 02 aprel 2018-ci il tarixli etiraz məktubu ünvanlanmış və sığorta ödənişindən imtinanın qanuni əsasları bir daha sığortalıya da ətraflı izah edilmişdir. Yuxarıda qeyd olunanlardan da aydın olduğu kimi, Cəmiyyətimizin bəhs edilən hadisə üzrə sığorta ödənişindən imtina etməsi tamamilə qanunidir və vətəndaşın ünvanımıza yönətdiyi iddiaların əksinə olaraq məqsədimiz etibarlılıq səviyyəsini yüksəltmək yolu ilə müştəri məmnuniyyətinə nail olmaq və sığorta bazarında qanunun tələblərini rəhbər tutaraq tam ədalətlə fəaliyyət göstərməkdən ibarətdir. Bütün mövcüd fikir ayrılıqlarını nəzərə alaraq və Cəmiyyətimizin müştəri məmnuniyyəti prinsipini, o cümlədən qüsursuz sığorta xidmətləri göstərməklə onların sadiq sığorta tərəfdaşına çevrilmək missiyasını əsas götürərək qeyd edilən yol-nəqliyyat hadisəsinin tənzimlənməsi ilə bağlı nəzarət orqanına – Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasından sorğumuza verilən cavabdan asılı olaraq həmin yol-nəqliyyat hadisəsinin sığorta hadisəsi olub-olmaması məsələsinə yenidən baxılacaqdır.
2018-10-03 16:03:42
Portal administrator
Hörmətli müştəri! Rəy bildirdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Lakin qeyd olunan məsələ ilə bağlı müvafiq sığorta şirkətinin ödənişdən imtina etməsi qanunvericiliyə tam uyğundur və qaydalara əsasən, reytinq balını -3 olaraq deyil 0 olaraq qəbul edirik. Hörmətlə, İnsure.az
2018-10-03 16:03:42