preloader gif

DAŞINMAZ VƏ DAŞINAR ƏMLAK SIĞORTASININ XÜSUSİYYƏTLƏRİ – Sığorta satıcıları üçün vacib bilgi və məlumatlar


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
12:34 11.01.2023

Bu yazıdan biləcəksiniz:

  1.   Əmlak sığortasında zəif nəticələrin səbəbləri
  2. Daşınmaz əmlakın təsnifatı
  3. Daşınar əmlakın təsnifatı
  4. Daşınmaz və daşınar əmlakın fərqli cəhətləri
  5. Daşınmaz və ya daşınar olmasının müəyyənləşdirilməsi çətin olan obyektlər
  6. Sığortalanma zamanı əmlakın daşınmaz və ya daşınar olmasının dəqiqləşdirilməsini zəruri edən amillər
  1. Əmlak sığortasında zəif nəticələrin səbəbləri

Məlum olduğu kimi, sığorta bazarında əmlak sığortası portfeli qaneedici səviyyədə deyildir. Nə könüllü, nə də icbari daşınmaz əmlak sığortasının daha da  kütləviləşməsi mümkün olur. Məsələn, mətbuatda verilən məlumata görə, Azərbaycanda şəxsi evlərin 90 faizi, sahibkarlıq obyektlərinin 70 faizi icbari sığorta ilə əhatə olunmur.  Könüllü növlərdə vəziyyət bir qədər də acınacaqlıdır. Bu sahədə aşağı göstəricilərin səbəbi bir çox hallarda, söz yox ki, əhalinin alıcılıq qabiliyyəti, zəif təbliğat, sığorta mədəniyyətinin arzu olunmayan səviyyəsi və s. ilə əlaqələndirilməlidir.  Lakin unutmamalıyıq ki, əmlak sığortası satışında uğurlu nəticələr həm də satıcıların hazırlıq səviyyəsi, yüksək peşəkarlığı və hətta şəxsi keyfiyyətləri ilə də bağlı olur.  Satıcılar sığortalamaq niyyətində olduqları sığorta predmeti barədə kifayət qədər bilik və məlumatlara malik olmalıdırlar. Özəlliklə də daşınar və daşınmaz əmlak sığortasının nöqsansız aparılması üçün sığorta satıcısından kompleks bilgi və yüksək peşəkarlıq tələb edilir. Adi insanlardan fərqli olaraq, onlar əmlakın növünü, təyinatını və digər bütün təfərrüatlarını öncədən dəqiqləşdirməlidirlər. Təəssüf ki, bu işdə satıcıların çaşqın duruma düşdükləri hallar qalmaqdadır. Yuxarıdakı zərurətdən dolayı daşınar və daşınmaz əmlakların bütün aspektlərini, fərqli və oxşar cəhətlərini incələməyi faydalı hesab edirik. Düşünürük ki, bunlar əmlak sığortasındakı məlum nöqsan və çatışmazlıqların azaldılmasında əhəmiyyətli olacaqdır.       

  1. Daşınmaz əmlakın təsnifatı

Daşınmaz əmlak torpaq və torpaq üzərində (yerin səthində) bərkidilmiş və daimi olaraq yerində sabitlənmiş obyektlərdir. Daşınmaz əmlak daşınar əmlakın tam əksidir. Belə ki, onları asanlıqla bir yerdən başqa yerə daşımaq olmur. Daşınmaz əmlakın tərifi bir sıra qanunlarda da öz əksini tapmışdır.

Daşınmaz əmlakın növlərini aşağıdakı kimi təsnifləndirmək olar:  

Yaşayış üçün nəzərdə tutulmuş daşınmaz əmlak:                             

 Yaşayış məqsədləri üçün istifadə olunan hər hansı əmlak, o cümlədən, fərdi yaşayış evləri, kənd evləri, binalardakı mənzillər, şəhər və kəndlərdə inşa olunmuş villalar, xüsusi evlər, bünövrələr və eyvanlar.

Kommersiya təyinatlı daşınmaz əmlak:                                                                                           Yaşayış kompleksləri, yanacaqdoldurma məntəqələri, ərzaq mağazaları, supermarketlər,  xəstəxanalar, otellər, motellər, hostellər, ofislər, parkinq obyektləri və ya qarajlar, restoranlar, şadlıq evləri, mərasim evləri, ticarət mərkəzləri, mağazalar və teatrlar kimi yalnız biznes məqsədləri üçün istifadə olunan hər hansı əmlak.

Sənaye təyinatlı daşınmaz əmlak:                                                                                            

 İstehsalat sahələri, zavod, fabrik, istehsal və təmir sexləri, su anbarları, hovuzlar, hasarlar, paylama (distribusiya), saxlama, tədqiqat və inkişaf üçün istifadə olunan hər hansı daşınmaz əmlak.                                        

Torpaq:                                                                                                                                                             Boş torpaqlar və təsərrüfatlar, meyvə, üzüm və digər uzunmüddətli təyinatlı bağlar, fermalar və ağac sahələri kimi kənd təsərrüfatı torpaqları.                                                                                                                                                      

Xüsusi təyinatlı daşınmaz əmlak:                                                                                                                   Qəbiristanlıqlar, hökumət binaları, kitabxanalar, parklar, bağlar və xiyabanlar, ibadət yerləri və məktəblər kimi geniş ictimaiyyətin istifadə etdiyi daşınmaz əmlak.

Qanunvericiliyə görə daşınmaz əmlak – üzərindəki hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına hədsiz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksləri kimi müəssisələrdir.

  1. Daşınar əmlakın təsnifatı

Daşınar əmlakın torpaq səthi ilə möhkəm əlaqəsi olmur və adından da göründüyü kimi, onu əsas istifadə təyinatına ciddi xələl gətirmədən asanlıqla digər yerə köçürmək mümkündür. Digər yerə köçürülən daşınar əmlakın nə ölçüsü, nə forması, nə kəmiyyəti, nə də keyfiyyəti dəyişir. Məsələn, demək olar ki, bütün nəqliyyat vasitələri və avadanlıqlar daşınar əmlakdır. Lakin bəzi əşyaların öz fiziki əlamətlərinə görə daşınan olduğu açıq-aydın görünsə də, qanunla daşınmaz kimi qəbul edilir. Məsələn, dövlət qeydiyyatına alınmalı olan hava və dəniz gəmiləri daşınmaz əmlak hesab edilir. Bəzən obyektin daşınmaz və ya daşınar olduğunu müəyyənləşdirmək ilk baxışda mümkün olmur. Bu cür hallarda məsələ öz həllini məhkəmə yolu ilə tapır və lazım gəldikdə, ekspertiza aparılır. Beləliklə, bir yerdən digər yerə daşına bilən aşağıdakılar daşınar aktivlərə misal ola bilər:                                                                                                                                    

 Nəqliyyat vasitələri, zərgərlik bəzək əşyaları və qiymətli daşlar, kitablar, mebellər, elektrik cihazları və mexaniki avadanlıqlar, elektron cihazlar, o cümlədən komputerlər, mobil telefonlar və onlara aid aksessuarlar.      

   • Bir dəfə kəsilmiş və ağac məqsədləri üçün satılan manqo ağacları da daşınar əmlak bölməsində təsnif edilir.                                                                                                                                             

   • Bitkilər və otların becərilməsi.                                                                                 Royalti.                                                                                                                                                              İcarə haqqının məbləği arədə qərar.                                                                                                             • Dövlət idarələri tərəfindən verilən veksellər.   

 Yerə bərkidilməyən hər hansı maşın, qurğu, cihaz, alət, o cümlədən müxtəlif məqsədli qablar, çəlləklər və s. avadanlıqlar.                              

 • Qiymətli kağızlar, o cümlədən, səhmlər, istiqrazlar, vauçerlər, pullar, çeklər                                                                                                                                                               • Elmi cəhətdən idarə olunan təbiət qüvvələri

  1. Daşınmaz və daşınar əmlakın fərqli cəhətləri
  • Qeydiyyat                                                                                                                                         Daşınar əmlakın qeydiyyata alınması tələb olunmur, daşınmaz əmlak isə Mülki Məcəlləyə və digər qanunvericilik sənədlərinə əsasən rəsmi qeydiyyata alınmalıdır.
  • Vergi                                                                                                                                                       Daşınar əmlak bəzi istisnalar nəzərə alınmaq şərtilə vergi məcəlləsinə əsasən əlavə dəyər, yol vergisinə, daşınmaz əmlak isə əmlak vergisinə cəlb olunur.
  • Mirasqoyma                                                                                                                      
  • Daşınar əmlak miras kimi hüquqi vərəsələr arasında  asanlıqla bölüşdürülə bildiyi halda, daşınmaz əmlakın hüquqi vərəsələr tərəfindən bölüşdürülməsi, miras qoyulması, ona mülkiyyət hüququnun əldə edilməsi və ya dəyişdirilməsi kifayət qədər mürəkkəb prosedurdur.
  • Ötürülmə/Transfer                                                                                                                          Daşınar əmlak sadə yolla ötürülə bildiyi halda, daşınmaz əmlakın 3-cü tərəfin mülkiyyətinə keçirilməsi üçün vəsiyyətnamə, notarial razılıq ərizəsi, hədiyyə verməni təsdiq edən sənəd tələb olunur.
  • Təminat vasitəsi kimi istifadə         
  •   Daşınar əmlak adi girov, daşınmaz əmlak isə ipoteka girovu predmeti ola bilir.
  • Amortizasiya                                                                                                        
  •  Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən qalıq dəyəri metodu ilə köhnəlmə tətbiq edilərkən daşınar əmlaka münasibətdə yuxarı əmsal, daşınmaz əmlaka münasibətdə aşağı köhnəlmə əmsalı tətbiq edilir.
  1. Daşınar və ya daşınmaz olmasının müəyyənləşdirilməsi çətin olan obyektlər

Bəzən sığorta satıcıları sığortalanacaq predmetlərin daşınar, yoxsa, daşınmaz əmlak olmasını müəyyən etməkdə ilk baxışda çətinlik çəkirlər. Bu isə gələcəkdə haqlı-haqsız narazılıqların yaranmasına səbəb olur. Aşağıda onlardan bir qismini nəzərdən keçirək və dəqiqləşdirməyə çalışaq:

  • Reklam konstruksiyası daşınar əmlak kimi qəbul edilir;
  • Hasarlar, quyular, mühəndis infrastrukturları, asfalt yol örtüyü bəzən nə daşınar, nə də daşınmaz əmlaka aid edilir. Bu qəbildən olan əmlakları daşınmaz əşyaların yardımçı tərkib komponenti kimi nəzərdə tuturlar;
  • Heykəllər, rəsmlər və ya digər dekorativ əsərlər mənzilə daimi qalmaq məqsədi ilə quraşdırılıbsa, daşınmaz kimi təsnif edilə bilər;
  • Yanacaqdoldurma məntəqələri daşınmaz əmlak sayılır;
  • Çoxmərtəbəli binalarda quraşdırılan lift qurğuları daşınmaz əmlakdır;
  • Mənzillərdə quraşdırılan kombilər daşınar əmlakdır;
  • Generatorlar daşınar əmlakdır;
  • İsitmə və havalandırma sistemləri daşınmaz, adi kondisionerlər daşınar əmlak hesab edilir;
  • Neft, qaz, su kəmərləri daşınmaz əmlakdır;
  • Neft və qaz quyuları, rezervuarlar, saxlama çənləri daşınmaz əmlakdır.
  • Dəniz estakadaları və ya neft-qaz çıxarılması üçün qurulmuş ayrı əsaslı platformalar daşınmaz əmlakdır;
  • Kiosklar daşınar əmlakdır.
  1. Sığortalanma zamanı əmlakın daşınar və ya daşınmaz olmasının dəqiqləşdirilməsini zəruri edən amillər

Sığortaçının satış nümayəndəsi, yaxud sığorta agenti və ya sığorta brokeri tərəfindən bu cür dəqiqləşdirmənin aparılması -

  • risklərin düzgün qiymətləndirilməsi və nəticə etibarı ilə sığortaçının anderraytinq siyasətinin mükəmməl həyata keçirilməsi baxımından əhəmiyyətlidir;
  • sonradan lüzumsuz mübahisələrin yaranmasının qarşısının alınmasına gətirir;
  • zərərlərin yaranma ehtimallarının minimuma endirilməsinə şərait yaradır;
  • sonda sığortaçının xərclərinin optimallaşdırılmasını təmin edir;
  • sığortaçının bazarda uzunmüddətli səmərəli fəaliyyətini şərtləndirir, o cümldədən: təklif edilən sığorta məhsulunun keyfiyyətinə müsbət təsir edir, müştəri məmnuniyyəti yaradır, lazımsız xərc ehtimalını azaldır, satışı optimallaşdırır, riskin düzgün humanist, fiziki və maliyyə qiymətləndirilməsinə şərait yaradır, müştərilərin saxta və yersiz iddialarına yer qoymur.

Yekun olaraq, lap son vaxtlar qarşılaşdığımız hallara istinad edərək qeyd etmək yerinə düşər ki,  daşınmaz əmlak nadir hallarda tam məhvə məruz qalır, əksinə, sığorta hadisəsindən sonra daşınar əmlakın qismən zərər çəkməsi təcrübəsi azdır və əksər hallarda sığortaçılar daşınar əmlaka görə tam ödəniş həyata keçirməli olurlar.

Müəllif Şükür Hüseynov, sığorta eksperti

Mənbə: FED.AZ

SIĞORTANI İNDİ ƏLDƏ ET